← Matthew (26/28) → |
1. | İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi: |
2. | «İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək». |
3. | O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar. |
4. | İsanı hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar. |
5. | Amma deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər». |
6. | İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən |
7. | bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü. |
8. | Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür? |
9. | Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı». |
10. | Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü. |
11. | Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam. |
12. | Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı. |
13. | Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın». |
14. | O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: |
15. | «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. |
16. | O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı. |
17. | Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?» |
18. | O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”». |
19. | Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər. |
20. | Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. |
21. | Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». |
22. | Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» |
23. | O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. |
24. | Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». |
25. | Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi. |
26. | Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». |
27. | Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! |
28. | Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. |
29. | Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm». |
30. | Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər. |
31. | Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Sürünün qoyunları pərən-pərən olacaq”. |
32. | Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». |
33. | Peter Ona cavab verib dedi: «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm». |
34. | İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən». |
35. | Peter Ona dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər. |
36. | Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın». |
37. | O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. |
38. | Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun». |
39. | İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun». |
40. | İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi? |
41. | Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür». |
42. | İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun». |
43. | İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. |
44. | Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi. |
45. | Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur. |
46. | Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!» |
47. | İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi. |
48. | İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun». |
49. | O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü. |
50. | İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular. |
51. | Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. |
52. | İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq. |
53. | Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərər. |
54. | “Bunların olması gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?» |
55. | Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız. |
56. | Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar. |
57. | İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı. |
58. | Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu. |
59. | Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. |
60. | Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib |
61. | dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”». |
62. | Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» |
63. | Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» |
64. | İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz». |
65. | Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! |
66. | Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir». |
67. | Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq |
68. | dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?» |
69. | Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin». |
70. | Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan». |
71. | Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi». |
72. | Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram». |
73. | Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir». |
74. | Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram». Həmin anda xoruz banladı. |
75. | Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı. |
← Matthew (26/28) → |