| ← Matthew (25/28) → |
| 1. | O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. |
| 2. | Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. |
| 3. | Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. |
| 4. | Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. |
| 5. | Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. |
| 6. | Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” |
| 7. | O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. |
| 8. | Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”. |
| 9. | Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. |
| 10. | Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. |
| 11. | O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. |
| 12. | O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. |
| 13. | Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz. |
| 14. | Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. |
| 15. | O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. |
| 16. | Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. |
| 17. | İki talant alan da beləcə daha iki talant qazandı. |
| 18. | Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi. |
| 19. | Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. |
| 20. | Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. |
| 21. | Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” |
| 22. | İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. |
| 23. | Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” |
| 24. | Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. |
| 25. | Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” |
| 26. | Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? |
| 27. | Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. |
| 28. | İndi əlindəki talantı ondan alın və on talantı olana verin! |
| 29. | Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. |
| 30. | Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”. |
| 31. | Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. |
| 32. | Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. |
| 33. | Qoyunları sağına, keçiləri isə soluna qoyacaq. |
| 34. | O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. |
| 35. | Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; |
| 36. | çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. |
| 37. | Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? |
| 38. | Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? |
| 39. | Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” |
| 40. | Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. |
| 41. | O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! |
| 42. | Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; |
| 43. | qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. |
| 44. | Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” |
| 45. | O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. |
| 46. | Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək». |
| ← Matthew (25/28) → |