← Matthew (24/28) → |
1. | İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. |
2. | İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq». |
3. | İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?» |
4. | İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. |
5. | Çünki Mənim adımla çox adam gəlib “Məsih mənəm” deyərək çoxlarını aldadacaq. |
6. | Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. |
7. | Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. |
8. | Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. |
9. | O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. |
10. | Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. |
11. | Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. |
12. | Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. |
13. | Amma axıracan dözən xilas olacaq. |
14. | Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək. |
15. | Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – |
16. | Yəhudeyada olanlar dağlara qaçsın. |
17. | Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin. |
18. | Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. |
19. | Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! |
20. | Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. |
21. | Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. |
22. | Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq. |
23. | O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın. |
24. | Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. |
25. | Bax Mən sizə əvvəlcədən söyləmişəm. |
26. | Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. |
27. | Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. |
28. | Leş haradadırsa, kərkəslər də orada toplaşar. |
29. | Amma o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək. |
30. | O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. |
31. | O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq. |
32. | Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. |
33. | Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. |
34. | Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. |
35. | Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək. |
36. | Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. |
37. | Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. |
38. | Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. |
39. | Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. |
40. | O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. |
41. | Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq. |
42. | Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. |
43. | Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. |
44. | Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. |
45. | Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? |
46. | Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! |
47. | Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. |
48. | Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, |
49. | öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, |
50. | o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, |
51. | ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq. |
← Matthew (24/28) → |