← Matthew (23/28) → |
1. | Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib |
2. | dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. |
3. | Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. |
4. | Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. |
5. | Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. |
6. | Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, |
7. | bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər. |
8. | Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız. |
9. | Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. |
10. | Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. |
11. | Aranızda ən böyük olan xidmətçiniz olsun. |
12. | Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək. |
13. | Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız. |
15. | Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. |
16. | Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”. |
17. | Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi? |
18. | Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. |
19. | Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı? |
20. | Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir. |
21. | Məbədə and içən kəs ona və içində Yaşayana and içir. |
22. | Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir. |
23. | Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. |
24. | Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz! |
25. | Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. |
26. | Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun! |
27. | Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. |
28. | Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz. |
29. | Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. |
30. | “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz. |
31. | Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. |
32. | Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! |
33. | Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız? |
34. | Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız; |
35. | belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. |
36. | Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq. |
37. | Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! |
38. | Baxın, eviniz viran qalır. |
39. | Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz». |
← Matthew (23/28) → |