| ← Matthew (22/28) → |
| 1. | İsa yenə onlara məsəllərlə xitab edərək dedi: |
| 2. | «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. |
| 3. | O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. |
| 4. | Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” |
| 5. | Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. |
| 6. | O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. |
| 7. | Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. |
| 8. | Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. |
| 9. | Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. |
| 10. | Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. |
| 11. | Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, |
| 12. | ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. |
| 13. | O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”. |
| 14. | Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır». |
| 15. | O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. |
| 16. | Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan. |
| 17. | İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» |
| 18. | Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz? |
| 19. | Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. |
| 20. | İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» |
| 21. | Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». |
| 22. | Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər. |
| 23. | Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: |
| 24. | «Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”. |
| 25. | Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi. |
| 26. | İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü. |
| 27. | Hamısından sonra bu qadın da öldü. |
| 28. | İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı». |
| 29. | İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız. |
| 30. | Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. |
| 31. | Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır». |
| 32. | Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır». |
| 33. | Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi. |
| 34. | Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. |
| 35. | Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: |
| 36. | «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» |
| 37. | İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. |
| 38. | Bu, böyük və əsas əmrdir. |
| 39. | Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. |
| 40. | Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır». |
| 41. | Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu: |
| 42. | «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər. |
| 43. | İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir? |
| 44. | “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib. |
| 45. | Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?» |
| 46. | Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi. |
| ← Matthew (22/28) → |