← Matthew (21/28) → |
1. | Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək |
2. | onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. |
3. | Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». |
4. | Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi: |
5. | «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”». |
6. | Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. |
7. | Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. |
8. | Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. |
9. | İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!» |
10. | İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. |
11. | Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir». |
12. | İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi. |
13. | Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!» |
14. | İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi. |
15. | Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar |
16. | və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından Kamil həmd aldın” sözünü heç oxumamısınızmı?» |
17. | İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi. |
18. | Səhəri gün İsa şəhərə qayıdanda acmışdı. |
19. | Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. |
20. | Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər. |
21. | İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq. |
22. | İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız». |
23. | İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» |
24. | İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. |
25. | Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. |
26. | Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır». |
27. | Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm. |
28. | Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi. |
29. | O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi. |
30. | Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi. |
31. | Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər. |
32. | Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız. |
33. | Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. |
34. | Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. |
35. | Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər. |
36. | Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. |
37. | “Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi. |
38. | Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. |
39. | Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. |
40. | Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?» |
41. | Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər». |
42. | İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”. |
43. | Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək. |
44. | Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək». |
45. | Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər. |
46. | Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi. |
← Matthew (21/28) → |