← Matthew (20/28) → |
1. | Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. |
2. | O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. |
3. | Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü. |
4. | Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. |
5. | Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. |
6. | On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” |
7. | “Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi. |
8. | Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. |
9. | On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. |
10. | Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. |
11. | Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: |
12. | “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. |
13. | O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? |
14. | Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. |
15. | Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?” |
16. | Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq». |
17. | İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi: |
18. | «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər; |
19. | ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək». |
20. | O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi. |
21. | İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». |
22. | Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik». |
23. | İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək». |
24. | Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. |
25. | İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. |
26. | Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. |
27. | Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. |
28. | Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin». |
29. | İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi. |
30. | Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı. |
31. | Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar. |
32. | İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» |
33. | Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın». |
34. | İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər. |
← Matthew (20/28) → |