| ← Matthew (15/28) → |
| 1. | Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: |
| 2. | «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?» |
| 3. | İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? |
| 4. | Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. |
| 5. | Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, |
| 6. | onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. |
| 7. | Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir: |
| 8. | “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. |
| 9. | Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”». |
| 10. | İsa camaatı yanına çağırıb onlara dedi: «Qulaq asın və dərk edin. |
| 11. | Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir». |
| 12. | O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər». |
| 13. | Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılacaq. |
| 14. | Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər». |
| 15. | Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et». |
| 16. | İsa dedi: «Siz də hələ dərk etməmisiniz? |
| 17. | Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur? |
| 18. | Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. |
| 19. | Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. |
| 20. | İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz». |
| 21. | İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. |
| 22. | Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. |
| 23. | İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. |
| 24. | Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». |
| 25. | Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». |
| 26. | İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». |
| 27. | Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». |
| 28. | O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı. |
| 29. | İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu. |
| 30. | Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər, lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa onlara şəfa verdi. |
| 31. | Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyir və korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi. |
| 32. | İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər». |
| 33. | Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doydurmaq üçün çörəyi haradan tapaq?» |
| 34. | İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi və bir az da kiçik balığımız var». |
| 35. | Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. |
| 36. | Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər də camaata verdi. |
| 37. | Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. |
| 38. | Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi. |
| 39. | İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi. |
| ← Matthew (15/28) → |