Matthew (13/28)  

1. O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu.
2. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu.
3. İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı.
4. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.
5. Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.
6. Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu.
7. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu.
8. Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi.
9. Qulağı olan eşitsin!»
10. Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?»
11. O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir.
12. Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq.
13. Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”.
14. Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
15. Çünki bu xalqın ürəyi kütləşdi, Qulaqları ağır eşitdi, Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”.
16. Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir!
17. Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.
18. İndi əkinçi barədə məsəlin izahını dinləyin:
19. kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur.
20. Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir.
21. Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır.
22. Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur.
23. Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».
24. İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir.
25. Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi.
26. Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü.
27. Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?”
28. O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?”
29. O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız.
30. Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”».
31. İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir.
32. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».
33. İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
34. İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki,
35. peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, Dünya yaranandan bəri Gizli qalan şeyləri bəyan edəcəyəm».
36. O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et».
37. Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur.
38. Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır.
39. Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir.
40. Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq.
41. Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq
42. və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq.
43. O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!
44. Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.
45. Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir.
46. O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.
47. Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir.
48. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar.
49. Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər.
50. Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq».
51. İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər.
52. İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».
53. İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.
54. Öz doğma yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüvvə haradandır?
55. Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi?
56. Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?»
57. Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar».
58. İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.

  Matthew (13/28)