| ← Matthew (10/28) → | 
| 1. | İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. | 
| 2. | Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, | 
| 3. | Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, | 
| 4. | Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. | 
| 5. | İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, | 
| 6. | amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. | 
| 7. | Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. | 
| 8. | Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. | 
| 9. | Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. | 
| 10. | Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. | 
| 11. | Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. | 
| 12. | O evə girərkən ev sakinlərini salamlayın. | 
| 13. | Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. | 
| 14. | Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. | 
| 15. | Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. | 
| 16. | Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. | 
| 17. | İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. | 
| 18. | Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. | 
| 19. | Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, | 
| 20. | çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. | 
| 21. | Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. | 
| 22. | Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. | 
| 23. | Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. | 
| 24. | Şagird müəllimindən, qul da ağasından üstün deyil. | 
| 25. | Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! | 
| 26. | Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. | 
| 27. | Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. | 
| 28. | Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. | 
| 29. | İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. | 
| 30. | Sizin başınızdakı saçlar belə, sayılıb. | 
| 31. | Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. | 
| 32. | İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. | 
| 33. | Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. | 
| 34. | Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. | 
| 35. | Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. | 
| 36. | “İnsanın düşməni öz ev əhli olacaq”. | 
| 37. | Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. | 
| 38. | Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. | 
| 39. | Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. | 
| 40. | Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. | 
| 41. | Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. | 
| 42. | Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq». | 
| ← Matthew (10/28) → |