| ← Mark (8/16) → |
| 1. | O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi: |
| 2. | «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. |
| 3. | Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib». |
| 4. | Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?» |
| 5. | İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi». |
| 6. | Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı. |
| 7. | Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi. |
| 8. | Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu. |
| 9. | Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı. |
| 10. | O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi. |
| 11. | Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. |
| 12. | O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək». |
| 13. | Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü. |
| 14. | Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi. |
| 15. | İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin». |
| 16. | Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir». |
| 17. | İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır? |
| 18. | Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb? |
| 19. | Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki». |
| 20. | «Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi». |
| 21. | İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?» |
| 22. | Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar. |
| 23. | İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?» |
| 24. | Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər». |
| 25. | Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı. |
| 26. | İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə». |
| 27. | İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?» |
| 28. | Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən». |
| 29. | İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən». |
| 30. | İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar. |
| 31. | İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir». |
| 32. | İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı. |
| 33. | Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən». |
| 34. | İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. |
| 35. | Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək. |
| 36. | İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var? |
| 37. | İnsan öz canının əvəzinə nə verə bilər? |
| 38. | Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq». |
| ← Mark (8/16) → |