← Mark (7/16) → |
1. | Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı. |
2. | Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir. |
3. | Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. |
4. | Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar. |
5. | Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?» |
6. | İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. |
7. | Boş yerə Mənə səcdə edirlər, İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”. |
8. | Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz». |
9. | Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız! |
10. | Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. |
11. | Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”, |
12. | onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin. |
13. | Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz». |
14. | İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin. |
15. | Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». |
17. | İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular. |
18. | İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? |
19. | Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. |
20. | O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır. |
21. | Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, |
22. | zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. |
23. | Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir». |
24. | İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. |
25. | Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. |
26. | Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın. |
27. | İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». |
28. | Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». |
29. | İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». |
30. | Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb. |
31. | İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı. |
32. | Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. |
33. | İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. |
34. | Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» |
35. | O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. |
36. | İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. |
37. | Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır». |
← Mark (7/16) → |