| ← Mark (4/16) → |
| 1. | İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı. |
| 2. | İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi: |
| 3. | «Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı. |
| 4. | Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. |
| 5. | Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. |
| 6. | Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu. |
| 7. | Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi. |
| 8. | Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi». |
| 9. | Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!» |
| 10. | İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular. |
| 11. | O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir. |
| 12. | Belə ki “Gördükcə görsünlər, amma qanmasınlar, Eşitdikcə eşitsinlər, amma anlamasınlar, Yoxsa onlar dönüb bağışlanar”». |
| 13. | İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz? |
| 14. | Əkinçi Allahın kəlamını əkir. |
| 15. | Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır. |
| 16. | Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər. |
| 17. | Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar. |
| 18. | Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər, |
| 19. | lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur. |
| 20. | Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir». |
| 21. | İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi? |
| 22. | Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın. |
| 23. | Eşitməyə qulağı olan eşitsin!» |
| 24. | İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək. |
| 25. | Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq». |
| 26. | Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. |
| 27. | O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. |
| 28. | Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. |
| 29. | Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir». |
| 30. | Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək? |
| 31. | O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da, |
| 32. | əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər». |
| 33. | İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi; |
| 34. | onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi. |
| 35. | Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək». |
| 36. | Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi. |
| 37. | Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. |
| 38. | İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?» |
| 39. | İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü. |
| 40. | İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?» |
| 41. | Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?» |
| ← Mark (4/16) → |