← Mark (15/16) → |
1. | Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər. |
2. | Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». |
3. | Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər. |
4. | Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!» |
5. | Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi. |
6. | Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi. |
7. | Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu. |
8. | Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin. |
9. | Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?» |
10. | Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi. |
11. | Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər. |
12. | Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?» |
13. | «Onu çarmıxa çək!» deyə yenə bağırdılar. |
14. | Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar. |
15. | Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi. |
16. | Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar. |
17. | Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. |
18. | «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. |
19. | Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. |
20. | Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar. |
21. | O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. |
22. | İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir. |
23. | Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi. |
24. | İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər. |
25. | Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər. |
26. | Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı». |
27. | Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər. |
29. | Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən! |
30. | İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. |
31. | Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! |
32. | İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər. |
33. | Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. |
34. | Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şavaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. |
35. | Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır». |
36. | Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?» |
37. | İsa uca səslə qışqırıb son nəfəsini verdi. |
38. | O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. |
39. | İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi. |
40. | Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi. |
41. | İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi. |
42. | O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə |
43. | Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi. |
44. | Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?» |
45. | Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi. |
46. | Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı. |
47. | Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər. |
← Mark (15/16) → |