| ← Mark (13/16) → |
| 1. | İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!» |
| 2. | İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq». |
| 3. | İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu: |
| 4. | «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?» |
| 5. | İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. |
| 6. | Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq. |
| 7. | Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. |
| 8. | Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. |
| 9. | Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız. |
| 10. | Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır. |
| 11. | Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur. |
| 12. | Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. |
| 13. | Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. |
| 14. | Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın. |
| 15. | Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin. |
| 16. | Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. |
| 17. | Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! |
| 18. | Dua edin ki, bu hadisə qış fəslində baş verməsin. |
| 19. | Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. |
| 20. | Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb. |
| 21. | O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın. |
| 22. | Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. |
| 23. | Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm. |
| 24. | Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, |
| 25. | Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək. |
| 26. | O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək. |
| 27. | Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq. |
| 28. | Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. |
| 29. | Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. |
| 30. | Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. |
| 31. | Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək. |
| 32. | Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. |
| 33. | Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. |
| 34. | Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun. |
| 35. | Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. |
| 36. | Qoy o qəfil gəlib sizi yatan görməsin. |
| 37. | Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!» |
| ← Mark (13/16) → |