← Malachi (3/4) → |
1. | «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi. |
2. | «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. |
3. | O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. |
4. | Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. |
5. | Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir. |
6. | «Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları! |
7. | Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz. |
8. | İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. |
9. | Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız. |
10. | Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. |
11. | Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi. |
12. | «Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi. |
13. | «Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz. |
14. | Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? |
15. | İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”». |
16. | O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı. |
17. | Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm. |
18. | O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz». |
← Malachi (3/4) → |