← Luke (9/24) → |
1. | İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi. |
2. | Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar. |
3. | İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün. |
4. | Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın. |
5. | Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». |
6. | Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar. |
7. | Hökmdar Hirod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb-qaldı. Çünki bəziləri «Yəhya ölülər arasından dirilib», |
8. | digərləri «İlyas zühur edib», başqaları da «qədim peyğəmbərlərdən biri dirilib» deyirdi. |
9. | Hirod isə dedi: «Yəhyanın boynunu mən vurdurdum, bəs haqqında bu xəbərləri eşitdiyim Adam kimdir?» Hirod Onu görməyə can atırdı. |
10. | Həvarilər İsanın yanına qayıdıb gördükləri işlər haqqında Ona danışdılar. Sonra İsa yalnız onları Özü ilə götürüb Bet-Sayda adlanan bir şəhərə apardı. |
11. | Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı. |
12. | Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik». |
13. | Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?» |
14. | Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun». |
15. | Şagirdlər də eləcə edib hamını oturtdular. |
16. | İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar. |
17. | Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı. |
18. | Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?» |
19. | Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib». |
20. | İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən». |
21. | İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar. |
22. | O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir». |
23. | Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin. |
24. | Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək. |
25. | İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var? |
26. | Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. |
27. | Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək». |
28. | Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı. |
29. | İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı. |
30. | O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi. |
31. | Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. |
32. | Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər. |
33. | Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi. |
34. | Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü. |
35. | Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!» |
36. | Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar. |
37. | Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı. |
38. | Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır. |
39. | Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir. |
40. | Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar». |
41. | İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir». |
42. | Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı. |
43. | Hamı Allahın əzəmətinə təəccüblənirdi. Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi: |
44. | «Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir». |
45. | Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular. |
46. | Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar. |
47. | Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu. |
48. | Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür». |
49. | Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq». |
50. | Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir». |
51. | Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. |
52. | İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. |
53. | Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi. |
54. | Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?» |
55. | Amma İsa dönüb onlara qadağan etdi. |
56. | Sonra onlar başqa bir kəndə yollandılar. |
57. | Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm». |
58. | İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». |
59. | Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». |
60. | İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et». |
61. | Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım». |
62. | Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil». |
← Luke (9/24) → |