← Luke (8/24) → |
1. | Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi. |
2. | Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm, |
3. | Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər. |
4. | Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı: |
5. | «Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi. |
6. | Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu. |
7. | Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu. |
8. | Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!» |
9. | Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?» |
10. | O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki, “Gördükləri halda görməsinlər, Eşitdikləri halda anlamasınlar”. |
11. | Məsəlin mənası budur: toxum Allahın kəlamıdır. |
12. | Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır. |
13. | Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər. |
14. | Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər. |
15. | Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir. |
16. | Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. |
17. | Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. |
18. | Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq». |
19. | İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər. |
20. | İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər». |
21. | İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir». |
22. | Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər. |
23. | Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər. |
24. | Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. |
25. | Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?» |
26. | Sonra onlar Qalileyanın qarşısında yerləşən Gerasalıların diyarına gəldilər. |
27. | İsa qayıqdan sahilə düşəndə şəhərdən olan bir nəfər Onunla qarşılaşdı. Cinlərə tutulmuş və xeyli vaxtdır ki, paltar geyməyən bu adam evdə yox, qəbir mağaralarında yaşayırdı. |
28. | O, İsanı görən kimi bağırıb Onun qarşısında diz çökdü və bərkdən çığıra-çığıra dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Yalvarıram Sənə, mənə əzab vermə!» |
29. | Çünki İsa natəmiz ruha əmr etmişdi ki, həmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görə də o adamı qorumaq üçün onu zəncir və buxovlarla bağlamışdılar. O isə zəncirləri qıraraq cin tərəfindən çölə qovulurdu. |
30. | İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Adım Qoşundur». Çünki onun daxilinə çox cin girmişdi. |
31. | Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar. |
32. | Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, donuzların içinə girməyə izin versin. İsa da onlara izin verdi. |
33. | Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu. |
34. | Donuz otaranlar bunları görüb qaçdılar, bu xəbəri şəhər və kəndlərdə yaydılar. |
35. | Camaat nə baş verdiyinə tamaşa etməyə çıxdı. Onlar İsanın yanına gəldilər, daxilindən cinlər çıxmış adamın İsanın ayaqları yanında geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. |
36. | Hadisəni görənlərsə cinə tutulmuş adamın necə sağaldığını camaata danışdılar. |
37. | Gerasalıların ətraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tərk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı. |
38. | Daxilindən cinlər çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı. |
39. | Amma İsa ona «qayıt evinə və Allahın sənə etdiyi hər şeyi danış» deyərək onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hər şeyi bütün şəhərə yaydı. |
40. | İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi. |
41. | Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin. |
42. | Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı. |
43. | Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. |
44. | Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı. |
45. | İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır». |
46. | Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim». |
47. | Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. |
48. | İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get». |
49. | İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən bir nəfər gəlib dedi: «Qızın öldü. Müəllimi daha narahat etmə». |
50. | Amma İsa bunu eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et! Qızın xilas olacaq». |
51. | İsa onun evinə gələndə Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimi Özü ilə evə girməyə qoymadı. |
52. | Hamı qız üçün ağlayıb nalə çəkirdi. Amma İsa dedi: «Ağlamayın, o ölməyib, sadəcə olaraq yatıb». |
53. | Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər. |
54. | Amma İsa qızın əlindən tutub səslədi: «Qızcığaz, qalx!» |
55. | Qızın ruhu bədəninə qayıtdı və o dərhal ayağa qalxdı. İsa dedi ki, qıza yemək versinlər. |
56. | Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisə barədə heç kəsə danışmasınlar. |
← Luke (8/24) → |