← Luke (7/24) → |
1. | İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu. |
2. | Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü. |
3. | Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi. |
4. | Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir. |
5. | Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib». |
6. | İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. |
7. | Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın. |
8. | Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». |
9. | Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim». |
10. | Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər. |
11. | Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi. |
12. | O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. |
13. | Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!» |
14. | Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!» |
15. | Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. |
16. | Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər. |
17. | İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı. |
18. | Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb |
19. | göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» |
20. | Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”» |
21. | Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. |
22. | İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. |
23. | Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» |
24. | Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? |
25. | Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar. |
26. | Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. |
27. | Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin qabağında yolunu hazırlayacaq”. |
28. | Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür». |
29. | Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər. |
30. | Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər. |
31. | İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir? |
32. | Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız, Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız” deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. |
33. | Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”. |
34. | Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” |
35. | Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur». |
36. | Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu. |
37. | Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi. |
38. | Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi. |
39. | İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır». |
40. | İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur». |
41. | «Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. |
42. | Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?» |
43. | Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi. |
44. | Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. |
45. | Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür. |
46. | Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi. |
47. | Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər». |
48. | Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı». |
49. | Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?» |
50. | Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get». |
← Luke (7/24) → |