← Luke (6/24) → |
1. | Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri sünbülləri qırır və ovuclarında ovub yeyirdilər. |
2. | Fariseylərdən bəzisi dedi: «Siz nə üçün Şənbə günü qadağan olunan işləri görürsünüz?» |
3. | İsa onlara cavab verdi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? |
4. | O, Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini götürüb yedi, yanındakılara da verdi». |
5. | Sonra İsa onlara dedi: «Bəşər Oğlu Şənbə gününün Sahibidir». |
6. | Başqa bir Şənbə günü İsa yenə də sinaqoqa girib təlim öyrədirdi. Orada sağ əli qurumuş bir adam var idi. |
7. | İlahiyyatçılar və fariseylər İsanı ittiham etməyə bəhanə tapmaq üçün Ona göz qoyurdular ki, görsünlər, Şənbə günü şəfa verəcək ya yox. |
8. | Amma İsa onların nə düşündüklərini bilib əli qurumuş kişiyə dedi: «Ayağa qalx və qabağa çıx!» O adam da ayağa qalxıb ortaya çıxdı. |
9. | Sonra İsa onlara dedi: «Sizdən soruşuram, hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas, yoxsa məhv etməyə?» |
10. | İsa ətrafındakıların hamısına baxdı və o adama dedi: «Əlini uzat!» O da elə etdi və əli əvvəlki halına qayıtdı. |
11. | Onlarsa qəzəbdən coşub İsaya nə edə biləcəkləri barədə bir-biri ilə müzakirə etməyə başladılar. |
12. | O günlərdə İsa dua etmək üçün dağa çıxdı. O bütün gecəni Allaha dua etməklə keçirtdi. |
13. | Gün açılanda şagirdlərini yanına çağırdı və onlardan on iki nəfəri seçib həvari adlandırdı: |
14. | Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, |
15. | Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, |
16. | Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot. |
17. | İsa onlarla birgə aşağı endi və düzəngahda dayandı. Orada çox sayda şagirdlərindən ibarət izdiham var idi. Bütün Yəhudeyadan, Yerusəlimdən, Sur və Sidon yaxınlığındakı sahil bölgələrindən çoxlu adam |
18. | Onu dinləmək və öz xəstəliklərindən sağalmaq üçün gəlmişdi. Natəmiz ruhlardan əzab çəkənlər də şəfa tapdılar. |
19. | Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı. |
20. | İsa Öz şagirdlərinə nəzər salıb dedi: «Nə bəxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir. |
21. | Nə bəxtiyarsınız, ey indi aclıq çəkənlər! Çünki doyacaqsınız. Nə bəxtiyarsınız, ey indi ağlayanlar! Çünki güləcəksiniz. |
22. | Bəşər Oğluna görə insanlar sizə nifrət edəndə, sizi cəmiyyətdən qovub təhqir edəndə, adınızı bədnam edəndə nə bəxtiyarsınız! |
23. | O gün sevinin və sevincdən atılıb-düşün! Çünki göydə mükafatınız böyükdür. Axı onların ata-babaları da peyğəmbərlərlə belə davranıb. |
24. | Amma vay halınıza, ey varlılar! Çünki artıq təsəllinizi almısınız. |
25. | Vay halınıza, ey indi tox olan sizlər! Çünki aclıq çəkəcəksiniz. Vay halınıza, ey indi gülənlər! Çünki yas tutub ağlayacaqsınız. |
26. | Bütün adamlar sizin barənizdə yaxşı şeylər danışanda vay halınıza! Axı onların ata-babaları da yalançı peyğəmbərlərlə belə davranıb. |
27. | Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, |
28. | sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin. |
29. | Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. |
30. | Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə. |
31. | İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. |
32. | Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. |
33. | Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. |
34. | Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. |
35. | Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız. Çünki O, nankorlara və pis adamlara da xeyirxahdır. |
36. | Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. |
37. | Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. |
38. | Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək». |
39. | İsa onlara yenə də bir məsəl çəkdi: «Kor koru apara bilərmi? İkisi də çuxura düşməzmi? |
40. | Şagird müəllimindən üstün deyil, amma tam təlim alandan sonra hər şagird öz müəllimi kimi olacaq. |
41. | Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? |
42. | Öz gözündəki tiri isə görmədən qardaşına necə deyə bilərsən: “Qardaşım! Qoy gözündəki çöpü çıxarım!” Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. |
43. | Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. |
44. | Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. |
45. | Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar. |
46. | Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? |
47. | Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: |
48. | o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. |
49. | Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar». |
← Luke (6/24) → |