| ← Luke (5/24) → |
| 1. | Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. |
| 2. | İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. |
| 3. | İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı. |
| 4. | O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın». |
| 5. | Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram». |
| 6. | Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. |
| 7. | O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı. |
| 8. | Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam». |
| 9. | Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər. |
| 10. | Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan». |
| 11. | Onlar qayıqları göl kənarına çıxarıb hər şeyi atdılar və İsanın ardınca getdilər. |
| 12. | Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən». |
| 13. | İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan sağaldı. |
| 14. | İsa ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin və dedi: «Amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə sənin cüzamdan paklandığın üçün Musanın buyurduğuna əsasən təqdimlər apar». |
| 15. | Amma indi İsa barəsində xəbər daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gəlirdi ki, Ona qulaq assın və xəstəliklərdən şəfa tapsın. |
| 16. | Amma İsa kimsəsiz yerlərə çəkilib dua edirdi. |
| 17. | Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və Qanun müəllimləri Onun yanında oturmuşdu. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi. |
| 18. | Bu vaxt bir neçə nəfər yataqda yatan bir iflic adamı gətirdi. Onlar bu adamı içəri gətirib İsanın önünə qoymağa çalışırdılar. |
| 19. | Amma böyük izdihama görə iflici İsanın yanına gətirə bilmirdilər. Ona görə də evin damına çıxıb kirəmitləri söküb açdıqları yerdən xəstəni yatağı ilə birgə aşağı endirdilər və ortalığa, İsanın qarşısına qoydular. |
| 20. | İsa onların imanını görüb dedi: «Dostum, günahların bağışlandı». |
| 21. | İlahiyyatçılar və fariseylər belə düşünməyə başladılar: «Küfr danışan bu Adam kimdir ki? Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» |
| 22. | İsa onların nə fikirləşdiyini dərk edib cavab verdi: «Niyə ürəyinizdə belə düşünürsünüz? |
| 23. | Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? |
| 24. | Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: «Sənə deyirəm, qalx, yatağını götür, evinə get!» |
| 25. | Xəstə dərhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü və Allahı izzətləndirərək evinə getdi. |
| 26. | Hamı mat qaldı və Allahı izzətləndirib böyük qorxu içində dedi: «Bu gün möcüzəli işlər gördük!» |
| 27. | Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl». |
| 28. | O da durub hər şeyi atdı və İsanın ardınca getdi. |
| 29. | Sonra Levi evində İsaya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergiyığan və başqa adamlar süfrəyə oturmuşdu. |
| 30. | Fariseylərlə onların ilahiyyatçıları şikayət etməyə başladı. Onlar İsanın şagirdlərinə dedi: «Niyə vergiyığanlar və günahkarlarla birgə yeyib-içirsiniz?» |
| 31. | Amma İsa onlara belə cavab verdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. |
| 32. | Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm». |
| 33. | Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər». |
| 34. | İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi? |
| 35. | Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar». |
| 36. | İsa onlara bir məsəl də çəkdi: «Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. |
| 37. | Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. |
| 38. | Təzə şərab təzə tuluqlara doldurulmalıdır. |
| 39. | Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”». |
| ← Luke (5/24) → |