| ← Luke (4/24) → |
| 1. | İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. |
| 2. | Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı. |
| 3. | İblis Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşa əmr et ki, çörəyə dönsün». |
| 4. | Lakin İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə yaşamaz” deyə yazılmışdır». |
| 5. | Sonra iblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. |
| 6. | İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. |
| 7. | Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənin olacaq». |
| 8. | İsa ona belə cavab verdi: «“Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». |
| 9. | Sonra iblis Onu Yerusəlimə apardı və məbədin qülləsinə qoyub dedi: «Əgər Sən Allahın Oğlusansa, özünü buradan aşağı at. |
| 10. | Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni qorusunlar, |
| 11. | Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». |
| 12. | Amma İsa cavabında ona belə dedi: «“Allahın Rəbbi sınama” deyilmişdir». |
| 13. | İblis sınaqların hamısını qurtarandan sonra bir müddət Onu tərk etdi. |
| 14. | İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı. |
| 15. | İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi. |
| 16. | İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı. |
| 17. | Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı: |
| 18. | «Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, Korlara gözlərinin açılmasını elan etmək üçün, Məzlumları sərbəstliyə buraxmaq üçün, |
| 19. | Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi». |
| 20. | Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. |
| 21. | İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı. |
| 22. | Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər. |
| 23. | İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz». |
| 24. | Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz. |
| 25. | Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi. |
| 26. | Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi. |
| 27. | Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu». |
| 28. | Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi. |
| 29. | Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər. |
| 30. | Amma İsa onların arasından keçərək oradan çıxıb getdi. |
| 31. | İsa Qalileyanın Kefernahum şəhərinə gəldi və Şənbə günü onlara təlim öyrətməyə başladı. |
| 32. | Onun təliminə təəccüblənirdilər, çünki O, səlahiyyətlə danışırdı. |
| 33. | Həmin vaxt sinaqoqda cinə – natəmiz ruha tutulmuş bir nəfər var idi. O ucadan çığırdı: |
| 34. | «Nə olub? Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm Sən Kimsən: Allahın Müqəddəsisən!» |
| 35. | Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» Cin bu adamı hamının qabağında yerə yıxıb heç bir zərər vermədən ondan çıxdı. |
| 36. | Hamı heyrətə düşdü və bir-birinə dedi: «Bu söz nədir? O, natəmiz ruhlara səlahiyyət və qüdrətlə əmr edir, onlar da çıxır!» |
| 37. | İsa haqqında xəbər bu bölgənin hər yerinə yayıldı. |
| 38. | İsa sinaqoqdan çıxıb Şimonun evinə gəldi. Şimonun qayınanası isə yüksək qızdırma içində yatırdı. Bu qadından ötrü İsadan kömək istədilər. |
| 39. | İsa ona yaxınlaşıb qızdırma xəstəliyinə qadağan etdi və qadının qızdırması düşdü. Qadın o anda durub onlara xidmət etməyə başladı. |
| 40. | Gün batanda hamı müxtəlif xəstəliyə tutulanları İsanın yanına gətirdi. O hər birinin üzərinə əllərini qoyub onlara şəfa verdi. |
| 41. | Bir çoxlarındansa cinlər «Sən Allahın Oğlusan!» deyə bağıraraq çıxırdı. O isə onlara qadağan edir, danışmağa izin vermirdi. Çünki onlar İsanın Məsih olduğunu bilirdilər. |
| 42. | Səhər açılanda İsa çıxıb kimsəsiz bir yerə getdi. Camaat isə Onu axtarırdı və İsanın yanına gəlib onları tərk etməsin deyə Onu yanlarında saxlamaq istədilər. |
| 43. | Lakin İsa onlara dedi: «Mən o biri şəhərlərə də Allahın Padşahlığının Müjdəsini yaymalıyam, çünki Mən bunun üçün göndərilmişəm». |
| 44. | Beləliklə, İsa Yəhudeyanın sinaqoqlarında vəz etməyə davam etdi. |
| ← Luke (4/24) → |