| ← Luke (3/24) → |
| 1. | Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. |
| 2. | Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu. |
| 3. | O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi. |
| 4. | Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin. |
| 5. | Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək. |
| 6. | Bütün bəşər Allahın xilasını görəcək”». |
| 7. | Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? |
| 8. | İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. |
| 9. | Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır». |
| 10. | Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» |
| 11. | Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün». |
| 12. | Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» |
| 13. | Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». |
| 14. | Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin». |
| 15. | Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» |
| 16. | Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. |
| 17. | Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq». |
| 18. | Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. |
| 19. | Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə |
| 20. | Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı. |
| 21. | Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, |
| 22. | Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam». |
| 23. | İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu |
| 24. | Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu |
| 25. | Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu |
| 26. | Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu |
| 27. | Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu |
| 28. | Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu |
| 29. | Yeşua oğlu Eliezer oğlu Yorim oğlu Mattat oğlu Levi oğlu |
| 30. | Şimeon oğlu Yəhuda oğlu Yusif oğlu Yonam oğlu Elyaqim oğlu |
| 31. | Melea oğlu Menna oğlu Mattata oğlu Natan oğlu Davud oğlu |
| 32. | Yessey oğlu Oved oğlu Boaz oğlu Salmon oğlu Naxşon oğlu |
| 33. | Amminadav oğlu Admin oğlu Arni oğlu Xesron oğlu Peres oğlu Yəhuda oğlu |
| 34. | Yaqub oğlu İshaq oğlu İbrahim oğlu Terah oğlu Naxor oğlu |
| 35. | Seruq oğlu Reu oğlu Peleq oğlu Ever oğlu Şelah oğlu |
| 36. | Qenan oğlu Arpakşad oğlu Sam oğlu Nuh oğlu Lemek oğlu |
| 37. | Metuşelah oğlu Xanok oğlu Yered oğlu Mahalalel oğlu Qenan oğlu |
| 38. | Enoş oğlu Şet oğlu Adəm oğlu Allah oğlu. |
| ← Luke (3/24) → |