| ← Luke (24/24) |
| 1. | Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər. |
| 2. | Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. |
| 3. | Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. |
| 4. | Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. |
| 5. | Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? |
| 6. | O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. |
| 7. | Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». |
| 8. | Qadınlar da İsanın sözlərini yada saldılar. |
| 9. | Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. |
| 10. | Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. |
| 11. | Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. |
| 12. | Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı. |
| 13. | Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. |
| 14. | Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. |
| 15. | Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. |
| 16. | Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar. |
| 17. | İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. |
| 18. | Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?» |
| 19. | İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. |
| 20. | Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər. |
| 21. | Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. |
| 22. | Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib |
| 23. | Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. |
| 24. | Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər». |
| 25. | Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! |
| 26. | Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» |
| 27. | Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi. |
| 28. | Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. |
| 29. | Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi. |
| 30. | İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. |
| 31. | Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. |
| 32. | Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?» |
| 33. | Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. |
| 34. | Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». |
| 35. | Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər. |
| 36. | Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. |
| 37. | Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. |
| 38. | Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? |
| 39. | Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur». |
| 40. | İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. |
| 41. | Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» |
| 42. | Ona bir tikə bişmiş balıq verdilər. |
| 43. | İsa da yeməyi götürüb onların qabağında yedi. |
| 44. | Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». |
| 45. | Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. |
| 46. | İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. |
| 47. | Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. |
| 48. | Siz bu hadisələrin şahidisiniz. |
| 49. | Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüvvəyə bürünənədək bu şəhərdə qalın». |
| 50. | İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; |
| 51. | xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. |
| 52. | Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. |
| 53. | Onlar daim Allaha alqış edərək məbəddə olurdular. |
| ← Luke (24/24) |