| ← Luke (23/24) → |
| 1. | Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. |
| 2. | Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır». |
| 3. | Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». |
| 4. | Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm». |
| 5. | Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır». |
| 6. | Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?» |
| 7. | İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi. |
| 8. | Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu. |
| 9. | Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi. |
| 10. | Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər. |
| 11. | Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. |
| 12. | Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı. |
| 13. | O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb |
| 14. | onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim. |
| 15. | Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib. |
| 16. | Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm». |
| 18. | Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!» |
| 19. | Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı. |
| 20. | Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı. |
| 21. | Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar. |
| 22. | Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm». |
| 23. | Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi. |
| 24. | Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi. |
| 25. | Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi. |
| 26. | Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər. |
| 27. | İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi. |
| 28. | İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın. |
| 29. | Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər. |
| 30. | “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”. |
| 31. | Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?» |
| 32. | İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı. |
| 33. | Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər. |
| 34. | Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. |
| 35. | Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!» |
| 36. | Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib |
| 37. | belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» |
| 38. | Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı. |
| 39. | Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!». |
| 40. | O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! |
| 41. | Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi». |
| 42. | Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» |
| 43. | İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan». |
| 44. | Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü, |
| 45. | günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı. |
| 46. | İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi. |
| 47. | Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi. |
| 48. | Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü. |
| 49. | İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar. |
| 50. | Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi. |
| 51. | O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi. |
| 52. | O, Pilatın yanına gedib İsanın cəsədini istədi. |
| 53. | Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu. |
| 54. | O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı. |
| 55. | İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. |
| 56. | Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər. |
| ← Luke (23/24) → |