| ← Luke (22/24) → |
| 1. | Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı. |
| 2. | Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular. |
| 3. | O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi. |
| 4. | O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin. |
| 5. | Onlar sevindilər və ona pul verməyə razı oldular. |
| 6. | Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı. |
| 7. | Pasxa quzusunun qurban kəsilməli olduğu Mayasız Çörək bayramı günü gəldi. |
| 8. | İsa Peter və Yəhyanı qabaqca göndərib «gedin, Pasxa yeməyimiz üçün bizə hazırlıq görün» dedi. |
| 9. | Onlarsa İsadan soruşdular: «Harada hazırlıq görməyimizi istəyirsən?» |
| 10. | İsa onlara dedi: «Bax siz şəhərə girəndə qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin. |
| 11. | Oranın sahibinə deyin: “Müəllim sənə deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağı haradadır?›” |
| 12. | Ev sahibi sizə yuxarı mərtəbədə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək. Orada hazırlıq işləri görün». |
| 13. | Onlar gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər. |
| 14. | Yemək vaxtı çatanda İsa həvarilərlə süfrəyə oturdu. |
| 15. | İsa onlara dedi: «Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. |
| 16. | Sizə bunu deyirəm: Pasxa Allahın Padşahlığında yerinə yetənədək Mən bir daha onu yeməyəcəyəm». |
| 17. | Sonra İsa bir kasa götürüb şükür etdi və dedi: «Bunu götürün və aranızda bölüşdürün. |
| 18. | Mən sizə deyirəm: Allahın Padşahlığı gələnədək üzüm ağacının məhsulundan əsla içməyəcəyəm». |
| 19. | Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». |
| 20. | Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. |
| 21. | Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır. |
| 22. | Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!» |
| 23. | Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar. |
| 24. | Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu. |
| 25. | Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır. |
| 26. | Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun. |
| 27. | Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm. |
| 28. | Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz. |
| 29. | Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; |
| 30. | belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız. |
| 31. | Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. |
| 32. | Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir». |
| 33. | O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram». |
| 34. | Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən». |
| 35. | Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə». |
| 36. | Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın. |
| 37. | Çünki sizə deyirəm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu” sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur». |
| 38. | Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir». |
| 39. | İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi. |
| 40. | Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz». |
| 41. | İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. |
| 42. | O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun». |
| 43. | Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi. |
| 44. | İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi. |
| 45. | İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı. |
| 46. | O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz». |
| 47. | İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. |
| 48. | Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» |
| 49. | İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?» |
| 50. | Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı. |
| 51. | Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı. |
| 52. | İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz? |
| 53. | Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır». |
| 54. | İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi. |
| 55. | Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu. |
| 56. | Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi». |
| 57. | Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi. |
| 58. | Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!» |
| 59. | Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır». |
| 60. | Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm». Elə o danışdığı an xoruz banladı. |
| 61. | Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. |
| 62. | Ona görə oradan çıxıb hönkür-hönkür ağladı. |
| 63. | İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər. |
| 64. | Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?» |
| 65. | Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar. |
| 66. | Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər. |
| 67. | Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız. |
| 68. | Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz. |
| 69. | Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq». |
| 70. | Onların hamısı dedi: «Deməli, Sən Allahın Oğlusan?» İsa onlara cavab verdi: «Sizin dediyiniz kimi O Mənəm». |
| 71. | Onda onlar dedilər: «Artıq şəhadətə nə ehtiyacımız var? Axı biz özümüz Onun ağzından eşitdik». |
| ← Luke (22/24) → |