← Luke (21/24) → |
1. | İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü. |
2. | Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı. |
3. | İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı. |
4. | Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi». |
5. | Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi: |
6. | «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq». |
7. | Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?» |
8. | İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin. |
9. | Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək». |
10. | Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. |
11. | Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq. |
12. | Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar. |
13. | Bu işlər şəhadət etdiyiniz vaxt olacaq. |
14. | Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz. |
15. | Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək. |
16. | Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək. |
17. | Mənim adıma görə hamı sizə nifrət edəcək. |
18. | Amma başınızdan bir tük belə, əskik olmayacaq. |
19. | Dayanıb dözməklə canlarınızı qurtarın. |
20. | Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır. |
21. | O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin. |
22. | Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin. |
23. | Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq. |
24. | Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq. |
25. | Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. |
26. | İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək. |
27. | O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək. |
28. | Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır». |
29. | İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın: |
30. | onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır. |
31. | Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb. |
32. | Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. |
33. | Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək. |
34. | Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. |
35. | Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. |
36. | Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun». |
37. | İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi. |
38. | Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi. |
← Luke (21/24) → |