← Luke (20/24) → |
1. | Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb |
2. | Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» |
3. | İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin: |
4. | Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» |
5. | Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. |
6. | Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir». |
7. | Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır». |
8. | İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm». |
9. | İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi. |
10. | Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar. |
11. | Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar. |
12. | O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular. |
13. | Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”. |
14. | Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”. |
15. | Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək? |
16. | Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın». |
17. | Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub”. |
18. | Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək». |
19. | İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular. |
20. | İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. |
21. | Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən. |
22. | Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» |
23. | Amma İsa onların hiyləsini başa düşüb belə dedi: |
24. | «Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin». |
25. | İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». |
26. | İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular. |
27. | Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu: |
28. | «Müəllim, Musa bizim üçün belə yazmışdı: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. |
29. | Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü. |
30. | İkincisi də, |
31. | üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü. |
32. | Hamısından sonra bu qadın da öldü. |
33. | Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı». |
34. | İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. |
35. | Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. |
36. | Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır. |
37. | Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib. |
38. | Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir». |
39. | İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin». |
40. | Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər. |
41. | Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər? |
42. | Axı Davud özü Zəbur kitabında “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›” deyib. |
43. | Axı Davud özü Zəbur kitabında “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›” deyib. |
44. | Deməli, Davud Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» |
45. | Bütün xalq bu sözləri dinləyəndə İsa Öz şagirdlərinə dedi: |
46. | «İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər. |
47. | Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq». |
← Luke (20/24) → |