← Luke (19/24) → |
1. | İsa Yerixoya daxil olub oradan keçirdi. |
2. | Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. |
3. | İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. |
4. | İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi. |
5. | İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». |
6. | O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. |
7. | Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!» |
8. | Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam». |
9. | İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. |
10. | Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir». |
11. | Onlar bu şeyləri dinləyərkən İsa bir məsəl də çəkdi. Çünki O, Yerusəlimə yaxınlaşmışdı və onlar elə düşünürdülər ki, Allahın Padşahlığı dərhal üzə çıxacaq. |
12. | İsa belə dedi: «Əsilzadələrdən olan bir nəfər padşah təyin olunub geri dönmək üçün uzaq bir ölkəyə yola düşdü. |
13. | Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”. |
14. | Lakin əhalisi bu adama nifrət etdi və onun ardınca elçilər göndərib dedi: “Bu adamın üzərimizdə padşah olmasını istəmirik”. |
15. | O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi. |
16. | Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”. |
17. | Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”. |
18. | İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”. |
19. | Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi. |
20. | Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım. |
21. | Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”. |
22. | Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi? |
23. | Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?” |
24. | Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!” |
25. | Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!” |
26. | O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq. |
27. | Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”» |
28. | İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. |
29. | Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək |
30. | dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. |
31. | Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz». |
32. | Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər. |
33. | Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?» |
34. | Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır». |
35. | Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər. |
36. | O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi. |
37. | İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı. |
38. | Onlar deyirdi: «Rəbbin ismi ilə gələn Padşaha alqış olsun! Göydə sülh, ən ucalarda izzət olsun!» |
39. | İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!» |
40. | Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!» |
41. | İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. |
42. | O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib. |
43. | Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. |
44. | Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın». |
45. | İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı. |
46. | Onlara belə dedi: «“Mənim evim dua evi olacaq” deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!» |
47. | İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı, |
48. | amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi. |
← Luke (19/24) → |