| ← Luke (18/24) → |
| 1. | İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi. |
| 2. | O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi. |
| 3. | Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”. |
| 4. | Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm, |
| 5. | bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”». |
| 6. | Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin. |
| 7. | Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? |
| 8. | Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?» |
| 9. | Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: |
| 10. | «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. |
| 11. | Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. |
| 12. | Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. |
| 13. | Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” |
| 14. | Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək». |
| 15. | Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. |
| 16. | Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. |
| 17. | Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz». |
| 18. | Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» |
| 19. | İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. |
| 20. | Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”». |
| 21. | Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm». |
| 22. | İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». |
| 23. | Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi. |
| 24. | İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! |
| 25. | Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». |
| 26. | Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?» |
| 27. | O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür». |
| 28. | Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». |
| 29. | İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, |
| 30. | bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın». |
| 31. | İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək. |
| 32. | Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək |
| 33. | və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək». |
| 34. | Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar. |
| 35. | İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi. |
| 36. | Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?» |
| 37. | Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir». |
| 38. | Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» |
| 39. | Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. |
| 40. | İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu: |
| 41. | «Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın». |
| 42. | İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi». |
| 43. | Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi. |
| ← Luke (18/24) → |