| ← Luke (17/24) → |
| 1. | İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir! |
| 2. | Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. |
| 3. | Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. |
| 4. | Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla». |
| 5. | Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» |
| 6. | Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı. |
| 7. | Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? |
| 8. | Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? |
| 9. | Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? |
| 10. | Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”». |
| 11. | İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. |
| 12. | Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub |
| 13. | ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!» |
| 14. | İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular. |
| 15. | Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. |
| 16. | O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. |
| 17. | Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? |
| 18. | Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?» |
| 19. | Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi». |
| 20. | Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. |
| 21. | Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir». |
| 22. | İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. |
| 23. | Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! |
| 24. | Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. |
| 25. | Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır. |
| 26. | Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. |
| 27. | Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. |
| 28. | Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. |
| 29. | Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. |
| 30. | Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq. |
| 31. | O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. |
| 32. | Lutun arvadını yadınıza salın! |
| 33. | Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. |
| 34. | Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. |
| 35. | Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». |
| 37. | Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar». |
| ← Luke (17/24) → |