| ← Luke (16/24) → |
| 1. | İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. |
| 2. | Varlı adam onu yanına çağırıb dedi: “Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”. |
| 3. | İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. |
| 4. | İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”. |
| 5. | Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?” |
| 6. | O “yüz bat zeytun yağı” dedi. İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”. |
| 7. | Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?” O cavab verdi: “Yüz kor buğda”. İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”. |
| 8. | Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. |
| 9. | Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız. |
| 10. | Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. |
| 11. | Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? |
| 12. | Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər? |
| 13. | Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz». |
| 14. | Fariseylər pulpərəst olduqları üçün bütün bu sözləri eşidib İsaya istehza ilə baxdılar. |
| 15. | İsa da onlara belə dedi: «İnsanların qarşısında özünüzü saleh göstərən sizsiniz, amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir. |
| 16. | Qanun və Peyğəmbərlər Yəhyanın gəlişinə qədər idi. O vaxtdan bəri Allahın Padşahlığının Müjdəsi yayılır və hər kəs oraya zorla girməyə çalışır. |
| 17. | Amma göyün və yerin keçib getməsi Qanundan bir nöqtənin düşməsindən daha asandır. |
| 18. | Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir. |
| 19. | Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. |
| 20. | Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. |
| 21. | Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. |
| 22. | Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. |
| 23. | Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. |
| 24. | O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. |
| 25. | Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. |
| 26. | Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”. |
| 27. | Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. |
| 28. | Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”. |
| 29. | İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”. |
| 30. | Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”. |
| 31. | Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”». |
| ← Luke (16/24) → |