| ← Luke (15/24) → |
| 1. | Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. |
| 2. | Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər. |
| 3. | Amma İsa onlara bu məsəli çəkdi: |
| 4. | «Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? |
| 5. | Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. |
| 6. | Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: “Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!” |
| 7. | Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq. |
| 8. | Yaxud on dirhəmi olan hansı bir qadın bir dirhəmini itirsə, çıraq yandırıb evi süpürərək onu tapanadək diqqətlə axtarmaz? |
| 9. | Tapanda öz rəfiqələrini və qonşularını çağırıb deyər: “Mənimlə birlikdə sevinin, itirdiyim dirhəmi tapmışam!” |
| 10. | Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur». |
| 11. | İsa bunu da danışdı: «Bir adamın iki oğlu var idi. |
| 12. | Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü. |
| 13. | Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. |
| 14. | Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. |
| 15. | Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. |
| 16. | Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. |
| 17. | Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! |
| 18. | Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim. |
| 19. | Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. |
| 20. | O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. |
| 21. | Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. |
| 22. | Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. |
| 23. | Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! |
| 24. | Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar. |
| 25. | Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. |
| 26. | O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” |
| 27. | Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. |
| 28. | Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. |
| 29. | Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə, qıymadın ki, dostlarımla şadlıq edim. |
| 30. | Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. |
| 31. | Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. |
| 32. | Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”» |
| ← Luke (15/24) → |