← Luke (14/24) → |
1. | Bir Şənbə günü İsa farisey rəhbərlərinin birinin evinə çörək yeməyə getdi. Hamı Ona göz qoyurdu. |
2. | Onun qarşısında hidropos xəstəliyinə tutulmuş bir adam var idi. |
3. | İsa qanunşünas və fariseylərə xitab edərək soruşdu: «Şənbə günü insanlara şəfa verməyə icazə var ya yox?» |
4. | Amma onlar dinmirdi. İsa o adama əli ilə toxundu, onu sağaltdı və buraxdı. |
5. | İsa onlara dedi: «Sizlərdən kimin oğlu yaxud öküzü Şənbə günü quyuya düşsə, onu dərhal oradan dartıb çıxarmaz?» |
6. | Onlar İsanın bu sualına cavab verə bilmədilər. |
7. | İsa fikir verdi ki, dəvət olunanlar yuxarı başda oturmağı seçdilər. Onlara belə bir məsəl söylədi: |
8. | «Bir nəfər səni toya dəvət edirsə, yuxarı başda oturma. Bəlkə ev yiyəsinin səndən də hörmətli bir qonağı var. |
9. | İkinizi də toya dəvət edən gəlib sənə “bu adama yer ver” desə, sən xəcalət içində aşağı başda əyləşməli olarsan. |
10. | Amma dəvət olunanda gedib ən aşağı başda otur ki, səni dəvət edən adam gəlib sənə “Dostum! Yuxarı başa keç” desin; o zaman səninlə birgə oturanların hamısının qarşısında hörmət qazanarsan. |
11. | Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək». |
12. | İsa Onu dəvət edənə də dedi: «Günorta yaxud axşam yeməyi verdiyin vaxt öz dostlarını, qardaşlarını, qohumlarını, dövlətli qonşularını dəvət etmə ki, onlar da səni çağıraraq sənə əvəzini versin. |
13. | Amma qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır. |
14. | Onda onlar sənə əvəzini verə bilmədiyinə görə sən bəxtiyar olacaqsan. Çünki salehlər dirildiyi zaman sənə əvəz veriləcək». |
15. | Süfrəyə oturanlardan biri bunu eşidib İsaya dedi: «Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır!» |
16. | Amma İsa ona dedi: «Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı. |
17. | Yemək vaxtı gələndə öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin: “Buyurun, indi hər şey hazırdır”. |
18. | Amma hamı birdən üzr istəməyə başladı. Birincisi ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam. Səndən xahiş edirəm, məni bağışla”. |
19. | Digəri isə dedi: “Mən beş cüt öküz satın almışam və onları yoxlamağa gedirəm. Səndən xahiş edirəm, məni bağışla”. |
20. | Üçüncüsü dedi: “Mən təzə evlənmişəm, buna görə də gələ bilmərəm”. |
21. | Qul qayıdıb bu şeyləri ağasına bildirdi. O zaman ev yiyəsi qəzəblənib quluna dedi: “Qaç, şəhərin küçə və tinlərində olan yoxsulları, əlilləri, korları və topalları buraya gətir”. |
22. | Qul isə dedi: “Ağa, sənin əmrin yerinə yetirildi, hələ artıq yer də qalıb”. |
23. | Ağası quluna dedi: “Get, bütün yolları və çəpərləri gəz. Evim dolsun deyə adamları gəlməyə vadar et. |
24. | Sizə bunu deyirəm: ilk dəvət olunanların heç biri mənim ziyafətimdən dadmayacaq”». |
25. | İsa ilə birlikdə böyük izdiham yol gedirdi. İsa dönüb onlara dedi: |
26. | «Kim Mənim yanıma gəlib ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, hətta öz həyatını Məndən üstün tutsa, Mənim şagirdim ola bilməz. |
27. | Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz. |
28. | Sizlərdən kimsə bir qüllə tikmək istəyirsə, əvvəlcə oturub onun xərclərini hesablamaz ki, görsün onu qurtarmaq üçün pulu çatacaq ya yox? |
29. | Çünki qüllənin təməlini qoyub işi qurtara bilməsə, bunu görənlərin hamısı onu ələ salıb deyəcək: |
30. | “Bu adam tikintiyə başlayıb qurtara bilmədi”. |
31. | Yaxud da hansı padşah başqa padşahla müharibəyə gedəndə üstünə iyirmi min əsgərlə gələnə qarşı on min əsgərlə durmağa qadir olmağı əvvəlcə oturub götür-qoy eləməz? |
32. | Əgər padşah buna qadir deyilsə, o biri padşahın hələ uzaqda olduğu vaxt elçilər göndərib sülh müqaviləsi bağlamaq istəyər. |
33. | Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz. |
34. | Duz yaxşı şeydir, amma əgər duz öz dadını itirərsə, ona nə ilə dad verilə bilər? |
35. | O nə torpağa yarayar, nə də peyinə. Onu çölə atarlar. Eşitməyə qulağı olan eşitsin!» |
← Luke (14/24) → |