← Luke (13/24) → |
1. | Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı. |
2. | İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? |
3. | Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. |
4. | Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz? |
5. | Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız». |
6. | Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. |
7. | O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?” |
8. | Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. |
9. | Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”». |
10. | İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi. |
11. | Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. |
12. | İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun». |
13. | İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. |
14. | Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox». |
15. | Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? |
16. | İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?» |
17. | İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi. |
18. | Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? |
19. | O, bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur». |
20. | İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim? |
21. | O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». |
22. | İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. |
23. | Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi: |
24. | «Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. |
25. | Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” |
26. | Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”. |
27. | O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” |
28. | İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. |
29. | Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq. |
30. | Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq». |
31. | O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir». |
32. | İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”. |
33. | Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz! |
34. | Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! |
35. | Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz». |
← Luke (13/24) → |