← Luke (12/24) → |
1. | Bu vaxt saysız-hesabsız adam bir-birini sıxışdıra-sıxışdıra oraya yığıldı. İsa əvvəl şagirdlərinə danışmağa başladı: «Fariseylərin mayasından, yəni ikiüzlülükdən özünüzü gözləyin. |
2. | Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. |
3. | Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq. |
4. | Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın. |
5. | Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! |
6. | Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır. |
7. | Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. |
8. | Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək. |
9. | Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq. |
10. | Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq. |
11. | Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin. |
12. | Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək». |
13. | İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün». |
14. | İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?» |
15. | Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil». |
16. | İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi. |
17. | Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?” |
18. | Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram. |
19. | Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. |
20. | Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?” |
21. | Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq». |
22. | İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. |
23. | Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir. |
24. | Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz! |
25. | Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? |
26. | Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz? |
27. | Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. |
28. | Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir! |
29. | “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın. |
30. | Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir. |
31. | Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək. |
32. | Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. |
33. | Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər. |
34. | Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq». |
35. | «Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. |
36. | Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar. |
37. | Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək. |
38. | Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır! |
39. | Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi. |
40. | Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək». |
41. | Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?» |
42. | Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir? |
43. | Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! |
44. | Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. |
45. | Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa, |
46. | o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq. |
47. | Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək. |
48. | Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq. |
49. | Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı! |
50. | Mənim alacağım bir vəftiz var. Bu vəftiz yerinə yetib qurtaranadək nə qədər sıxıntı çəkməliyəm! |
51. | Siz düşünürsünüz ki, Mən yer üzünə sülh gətirməyə gəlmişəm? Xeyr, sizə deyirəm ki, Mən ayrılıq gətirməyə gəlmişəm! |
52. | Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birindən ayrılaraq üç nəfərə qarşı iki nəfər, iki nəfərə qarşı üç nəfər olacaq. |
53. | Çünki ata oğlundan, oğul atasından, ana qızından, qız anasından, qayınana gəlinindən, gəlin də qayınanasından ayrılacaq». |
54. | İsa camaata bunu da dedi: «Siz qərb tərəfdən qalxan buludu görəndə dərhal “yağış yağacaq” deyirsiniz, bu da olur. |
55. | Cənub küləyinin əsməsini görəndə “qızmar isti olacaq” deyirsiniz, bu da olur. |
56. | Ey ikiüzlülər, yer üzünün və göyün görünüşünü seçə bilirsiniz, bəs onda nə üçün indiki zamanı seçə bilmirsiniz? |
57. | Nə üçün düzgün olan şeyə özünüz qərar vermirsiniz? |
58. | Səni ittiham edənlə birgə hakimin yanına gedəndə yolda ikən onunla barışmağa çalış. Yoxsa səni hakimin qabağına sürüyər, hakimsə məhkəmə icraçısına ötürər, o da səni zindana atar. |
59. | Sənə bunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan». |
← Luke (12/24) → |