← Luke (10/24) → |
1. | Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. |
2. | Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. |
3. | Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. |
4. | Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. |
5. | Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. |
6. | Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. |
7. | Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. |
8. | Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. |
9. | Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. |
10. | Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: |
11. | “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. |
12. | Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq. |
13. | Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. |
14. | Amma qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. |
15. | Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. |
16. | Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir». |
17. | Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!» |
18. | İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. |
19. | Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. |
20. | Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb». |
21. | İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. |
22. | Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz». |
23. | Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! |
24. | Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər». |
25. | Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» |
26. | İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» |
27. | Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». |
28. | İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». |
29. | Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?» |
30. | İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. |
31. | Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. |
32. | Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. |
33. | O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. |
34. | Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. |
35. | Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. |
36. | Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» |
37. | Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et». |
38. | İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. |
39. | Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. |
40. | Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». |
41. | Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. |
42. | Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq». |
← Luke (10/24) → |