| Luke (1/24) → |
| 1. | Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib. |
| 2. | Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi |
| 3. | mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. |
| 4. | Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən. |
| 5. | Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. |
| 6. | Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər. |
| 7. | Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi. |
| 8. | Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi. |
| 9. | Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. |
| 10. | Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi. |
| 11. | Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. |
| 12. | Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. |
| 13. | Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. |
| 14. | Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. |
| 15. | Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. |
| 16. | O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. |
| 17. | Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gedəcək». |
| 18. | Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». |
| 19. | Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. |
| 20. | Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən». |
| 21. | Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi. |
| 22. | O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı. |
| 23. | Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. |
| 24. | Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. |
| 25. | O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı». |
| 26. | Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, |
| 27. | Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. |
| 28. | Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». |
| 29. | Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. |
| 30. | Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. |
| 31. | Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. |
| 32. | O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. |
| 33. | O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». |
| 34. | Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». |
| 35. | Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. |
| 36. | Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. |
| 37. | Çünki Allah üçün mümkün olmayan şey yoxdur». |
| 38. | Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi. |
| 39. | O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. |
| 40. | O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. |
| 41. | Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub |
| 42. | uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! |
| 43. | Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? |
| 44. | Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. |
| 45. | Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!». |
| 46. | Məryəm isə dedi: |
| 47. | «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır, |
| 48. | Çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq, |
| 49. | Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir! |
| 50. | Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər. |
| 51. | O, qolu ilə qüdrətli işlər gördü, Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. |
| 52. | Hökmdarları taxtlarından endirdi, Məzlumları yüksəltdi. |
| 53. | Acları nemətlərlə doydurdu, Varlıları isə əliboş yola saldı. |
| 54. | Rəbb gulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı». |
| 55. | Rəbb gulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı». |
| 56. | Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı. |
| 57. | Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. |
| 58. | Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. |
| 59. | Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. |
| 60. | Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». |
| 61. | Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». |
| 62. | Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. |
| 63. | O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. |
| 64. | Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. |
| 65. | Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. |
| 66. | Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi. |
| 67. | Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi: |
| 68. | «Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı. |
| 69. | O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. |
| 70. | Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi |
| 71. | Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi. |
| 72. | Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı. |
| 73. | Atamız İbrahimə and içdiyi kimi Bizə elə güc verdi ki, |
| 74. | Düşmənlərimizin əlindən qurtulub Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək. |
| 75. | Düşmənlərimizin əlindən qurtulub Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək. |
| 76. | Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, Çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan. |
| 77. | Onun xalqına günahlarının bağışlanması ilə Xilas olunmaları barədə bildirəcəksən. |
| 78. | Axı Allahımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə Ucalarda bizim üçün Günəş doğacaq ki, |
| 79. | Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, Ayaqlarımızı sülh yoluna yönəltsin». |
| 80. | Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı. |
| Luke (1/24) → |