| ← Leviticus (8/27) → |
| 1. | Rəbb Musaya dedi: |
| 2. | «Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün bir buğa, iki qoç, bir səbət mayasız çörək götür. |
| 3. | Sonra bütün icmanı Hüzur çadırının girişinə topla». |
| 4. | Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda |
| 5. | Musa onlara dedi: «Rəbbin əmr etdiyi budur». |
| 6. | Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu. |
| 7. | Harunun əyninə xirqəsini geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun kəmərini belinə bağlayıb efodu özünə bərkitdi. |
| 8. | Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi. |
| 9. | Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 10. | Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi. |
| 11. | Sonra məsh yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün məsh etdi. |
| 12. | Musa bir az məsh yağı götürüb Harunun başına tökərək onu təqdis etmək üçün məsh etdi. |
| 13. | Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 14. | Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları həmin buğanın başına əllərini qoydular. |
| 15. | Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurbangahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi. |
| 16. | Musa heyvanın içalatının üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək qurbangahda tüstülədib yandırdı. |
| 17. | Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 18. | Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun başına qoydular. |
| 19. | Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi. |
| 20. | Qoçu parça-parça doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı. |
| 21. | Sonra içalatını və budlarını su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 22. | Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular. |
| 23. | Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkdi. |
| 24. | Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa heyvanın qanını qurbangahın hər tərəfinə səpdi. |
| 25. | Sonra piyini, quyruğunu, içalatının üstündəki piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü. |
| 26. | Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu. |
| 27. | O bunların hamısını Rəbbin hüzurunda yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi. |
| 28. | Sonra Musa həmin şeyləri onların əllərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. |
| 29. | Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
| 30. | Musa məsh yağını və qurbangahdakı qanı götürüb Haruna, onun geyimlərinə, oğullarına və geyimlərinə çilədi. Beləliklə, Harunu və onun geyimlərini, oğullarını və onların geyimlərini təqdis etdi. |
| 31. | Sonra Musa Harunla oğullarına dedi: «Əti Hüzur çadırının girişində qaynadın və “Harunla oğulları onu yesin” deyib əmr etdiyimə görə onu orada təqdis təqdimi üçün səbətdəki çörəklə yeyin. |
| 32. | Çörəyin və ətin qalan hissələrini yandırın. |
| 33. | Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək. |
| 34. | Bu gün edilən hər şeyi Rəbb kəffarəniz üçün əmr etdi. |
| 35. | Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib». |
| 36. | Harunla oğulları Rəbbin Musa vasitəsilə əmr etdiyi hər şeyə əməl etdilər. |
| ← Leviticus (8/27) → |