← Leviticus (6/27) → |
1. | Rəbb Musaya dedi: |
2. | «Əgər bir şəxs günah edib Rəbbə xəyanət edərsə, özünə əmanət edilən, girov qoyulan yaxud oğurluq bir şey barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə, |
3. | itmiş bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların edə biləcəyi bu günahlardan birini edərsə, |
4. | o şəxs günah etmiş olur və təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi, özünə əmanət edilən ya da tapdığı itmiş əşyanı |
5. | yaxud barəsində yalandan and içdiyi şeyin üzərinə beşdə birini də əlavə edərək təqsir qurbanını gətirdiyi gün sahibinə geri qaytarsın. |
6. | Bu adam Rəbbin qarşısında təqsirini yumaq üçün kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. |
7. | Bununla kahin günah edən adam üçün təqsirinə səbəb olduğu hər şeyi Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın». |
8. | Rəbb Musaya dedi: |
9. | «Harunla oğullarına əmr verib de: “Yandırma qurbanına aid olan təlimat budur. Yandırma qurbanı bütün gecə səhərə qədər qurbangahdakı odda qalsın, bu od isə qoy sönmədən yansın. |
10. | Qoy kahin kətan paltarını, kətan alt geyimini əyninə geyib qurbangahda yandırma qurbanını məhv edən oddan çıxan külü götürüb qurbangahın yanına qoysun. |
11. | Sonra kahin geyimini çıxarıb başqa paltar geyinsin və külü düşərgədən kənara çıxararaq pak bir yerə töksün. |
12. | Qoy od qurbangahda yansın və sönməsin. Hər səhər kahin odunla od qalayıb üstünə yandırma qurbanını düzsün və ünsiyyət qurbanlarının piyini tüstülədib yandırsın. |
13. | Qoy bu od qurbangahda daima yansın və sönməsin. |
14. | Taxıl təqdiminə aid olan təlimat budur. Harun övladları bunu Rəbbin hüzurunda qurbangahın qabağında təqdim etsinlər. |
15. | Qoy kahin bir ovuc taxıl təqdimini, narın un ilə zeytun yağını və üstündəki kündürün hamısını götürüb qurbangahda tüstülətsin. Bu, Rəbbin xoşuna gələn ətir – xatirə təqdimidir. |
16. | Təqdimin qalan hissəsini Harunla övladları yesin; onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində mayasız çörək kimi yesinlər. |
17. | Bu, taxıldan maya ilə bişirilməsin. Bunu Mənə gətirilən yandırma təqdimlərindən kahinlərə düşən pay kimi verirəm. O, günah qurbanı və təqsir qurbanı kimi ən müqəddəsdir. |
18. | Harunun hər kişi övladı nəsildən-nəslə bunu yesin. Bu, Rəbbə gətirilən yandırma təqdimlərindən onlara verilən əbədi paydır. Bunlara toxunan hər şey müqəddəs sayılar”». |
19. | Rəbb Musaya dedi: |
20. | «Harunun məsh olunacağı gün Harunla oğullarının Rəbbə edəcəkləri təqdim budur: daimi taxıl təqdimi olaraq narın undan efanın onda birini – yarısı səhər, yarısı isə axşam, |
21. | zeytun yağı ilə qarışdırılmış, sacda bişmiş halda gətirsin və bu taxıl təqdimini parça-parça qırıb təqdim etsin. Bu, Rəbbin xoşuna gələn ətirdir. |
22. | Harun nəslindən yerinə keçən məsh edilmiş kahin onu belə də hazırlasın; bunu Rəbbə əbədi pay olaraq bütünlüklə tüstülədib yandırsın. |
23. | Kahinin gətirdiyi hər taxıl təqdimi bütünlüklə yandırılsın, o yeyilməməlidir». |
24. | Rəbb Musaya dedi: |
25. | «Harunla oğullarına belə de: “Günah qurbanına aid olan təlimat budur. Günah qurbanı yandırma qurbanı kəsilən yerdə – Rəbbin önündə kəsilsin. Bu qurban ən müqəddəsdir. |
26. | Günah qurbanını təqdim edən kahin onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində yesin. |
27. | Onun ətinə toxunan hər bir şey müqəddəs sayılar; o qurbandan bir damla qan geyimlərə sıçrasa, o geyim müqəddəs bir yerdə yuyulsun. |
28. | Ətin bişirildiyi saxsı qab sındırılsın; əgər o, tunc qabda bişirilibsə, həmin qab təmizlənib su ilə yaxalansın. |
29. | Kahin nəslindən hər kişi onu yesin; o ən müqəddəsdir. |
30. | Lakin Müqəddəs yerdə günahı kəffarə etmək üçün qanından Hüzur çadırına gətirilən günah qurbanının hamısı yeyilməməlidir, qoy yandırılsın. |
← Leviticus (6/27) → |