| ← Leviticus (4/27) → |
| 1. | Rəbb Musaya dedi: |
| 2. | «İsrail övladlarına belə de: “Əgər kimsə etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini bilmədən pozarsa, qoy bunlara əməl etsin. |
| 3. | Əgər məsh edilmiş baş kahin günah işlədib xalqı da borclu etsə, o günaha görə Rəbbə günah qurbanı olaraq qüsursuz bir buğa təqdim etsin. |
| 4. | Buğanı Hüzur çadırının girişinə, Rəbbin hüzuruna gətirsin və əllərini heyvanın başına qoyub onu Rəbbin hüzurunda kəssin. |
| 5. | Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin. |
| 6. | Kahin barmağını qana batıraraq Rəbbin hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin. |
| 7. | Sonra kahin Hüzur çadırında, Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün. |
| 8. | Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən piyi və üstündəki bütün piyi, |
| 9. | belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. |
| 10. | Bunların hamısı ünsiyyət qurbanı olan mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan qurbangahda tüstülədib yandırsın. |
| 11. | Buğanın dərisini, başından budlarına qədər bütün ətini – içalatını, bağırsaqlarını, |
| 12. | hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın. |
| 13. | Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar, |
| 14. | işlədikləri günah aşkara çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin. |
| 15. | İcmanın ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər. |
| 16. | Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin. |
| 17. | Kahin barmağını qana batırıb Rəbbin hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin. |
| 18. | Sonra kahin Hüzur çadırında Rəbbin önündəki qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün. |
| 19. | Sonra o heyvanın bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın; |
| 20. | günah qurbanı olan buğaya nə cür etsə, bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın. |
| 21. | Sonra kahin buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən günah qurbanıdır. |
| 22. | Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsa, |
| 23. | işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə gətirsin; |
| 24. | əlini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə onu kəssin. Bu, günah qurbanıdır. |
| 25. | Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini isə həmin qurbangahın altlığına töksün. |
| 26. | Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o bağışlansın. |
| 27. | Əgər ölkə xalqından bir nəfər etməməli olduğu halda Rəbbin əmrlərindən birini pozaraq bilmədən günah işlədib bu günahda təqsirkar olsa, |
| 28. | işlətdiyi günah özünə aşkar olanda qoy o, günahına görə özü üçün qurban – qüsursuz dişi keçi gətirsin, |
| 29. | və əlini günah qurbanının başına qoyub bu qurbanı yandırma qurbanları kəsilən yerdə kəssin. |
| 30. | Sonra kahin barmağı ilə qurbanın qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün. |
| 31. | Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın. |
| 32. | Əgər adam günah qurbanı olaraq qoyun gətirsə, qoy o qüsursuz dişi heyvan gətirsin |
| 33. | və əlini günah qurbanının başına qoysun və onu yandırma qurbanları kəsilən yerdə kəssin. |
| 34. | Sonra kahin öz barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün. |
| 35. | Sonra o adam heyvanın bütün piyini ünsiyyət qurbanı olan qoyunun piyi kimi çıxarsın və kahin onu qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülədib yandırsın. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın. |
| ← Leviticus (4/27) → |