| ← Leviticus (3/27) → |
| 1. | Əgər kimsə ünsiyyət qurbanı gətirsə və qurbanlıq heyvan mal-qaradandırsa, qoy o, Rəbbin hüzuruna qüsursuz erkək və ya dişi heyvan gətirsin. |
| 2. | Qoy adam əlini qurbanlığın başına qoyub Hüzur çadırının girişində kəssin və Harun nəslindən olan kahinlər qanı qurbangahın hər tərəfinə səpsinlər. |
| 3. | Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki piyi, |
| 4. | belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. |
| 5. | Bunları Harun övladları qurbangahda odunlarla qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. |
| 6. | Əgər Rəbbə təqdim olunan ünsiyyət qurbanı qoyun-keçidəndirsə, qoy o, qüsursuz erkək və yaxud dişi heyvan gətirsin. |
| 7. | Əgər gətirdiyi qurban bir qoyundursa, qoy onu Rəbbin önündə belə təqdim etsin: |
| 8. | əlini qurbanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin, Harun övladları qanı qurbangahın hər tərəfinə səpsinlər. |
| 9. | Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: onurğayadək kəsdiyi quyruğunu, içalatı örtən piyi və üstündəki bütün piyi |
| 10. | belindəki hər iki böyrəyini, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. |
| 11. | Bunları kahin qurbangahda tüstülədib yandırsın. Bu, Rəbb üçün yandırma təqdimi olaraq verilən paydır. |
| 12. | Əgər adamın qurbanlığı bir keçidirsə, qoy onu Rəbbin önündə belə təqdim etsin: |
| 13. | əlini heyvanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin. Harun övladları onun qanını qurbangahın hər tərəfinə səpsinlər. |
| 14. | Qoy o adam qurbandan bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki bütün piyi, |
| 15. | belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. |
| 16. | Kahin bunları qurbangah üstündə tüstülədib yandırsın. Bu, yemək – yandırma təqdimi, xoşa gələn ətirdir. Bütün piy Rəbbə məxsusdur. |
| 17. | Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun: piyi də, qanı da yeməyin”». |
| ← Leviticus (3/27) → |