← Leviticus (26/27) → |
1. | Özünüzə büt düzəltməyin; oyma büt yaxud sütun qoymayın, ölkənizdə yonulmuş daş qoyub səcdə etməyin; çünki Allahınız Rəbb Mənəm. |
2. | Şənbə istirahət günlərimə riayət edin, Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm. |
3. | Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz, |
4. | sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin. |
5. | Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız. |
6. | Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz. |
7. | Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı qarşınızda həlak olacaqlar. |
8. | Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar. |
9. | Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə olan Öz əhdimi yerinə yetirəcəyəm. |
10. | Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız. |
11. | Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm. |
12. | Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız. |
13. | Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm. |
14. | Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz, |
15. | əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız, |
16. | Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək. |
17. | Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız. |
18. | Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat artıq tənbeh edəcəyəm. |
19. | Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki, |
20. | qüvvətiniz tükənsin; nə torpağınız məhsul, nə də ağaclarınız meyvə verəcək. |
21. | Əgər Mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, Mən sizə günahlarınıza görə yeddiqat artıq bəla göndərəcəyəm. |
22. | Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq. |
23. | Əgər bunlardan ibrət dərsi almayıb Mənə qarşı çıxmaqda davam etsəniz, |
24. | Mən də sizə qarşı çıxacağam və günahlarınıza görə yenə də yeddiqat artıq cəzalandıracağam. |
25. | Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz. |
26. | Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız. |
27. | Əgər siz bundan sonra da Mənə qulaq asmasanız və Mənə qarşı çıxsanız, |
28. | bu dəfə Mən də sizə qarşı qəzəblə çıxıb günahlarınıza görə yeddiqat artıq tənbeh edəcəyəm. |
29. | Oğul və qızlarınızın ətini yeməyə məcbur olacaqsınız. |
30. | Səcdəgahlarınızı məhv edib, buxur qurbangahlarınızı yox edəcəyəm, bütlərinizi devirəcəyəm və meyitlərinizi o bütlərin üstünə sərəcəyəm. Sizi rədd edəcəyəm; |
31. | şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm. |
32. | Mən ölkənizi elə viran qoyacağam ki, oranı işğal edən düşmənləriniz baxıb dəhşətə gəlsinlər. |
33. | Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək. |
34. | O zaman ölkə viran qalacaq, siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində ölkə dinclik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinclik illərini qeyd edərək şadlanacaq. |
35. | Orada yaşadığınız dinclik illərində görmədiyi dincliyi ölkə viran qalan bütün müddət görəcək. |
36. | Düşmən ölkələrində sizdən sağ qalanların ürəklərinə elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da, müharibədən qaçan kimi qaçıb yıxılacaqlar; |
37. | büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq; düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq. |
38. | Millətlər arasında həlak olacaqsınız, düşmən torpağı sizi udacaq. |
39. | Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər. |
40. | Amma özlərinin və atalarının günahlarını, Mənə xainlik etdiklərini və Mənə qarşı çıxdıqlarını etiraf etsələr, |
41. | – buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr, |
42. | o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam. |
43. | Bu torpaq onlar tərəfindən tərk ediləcək, onlarsız boş qalıb Şənbə istirahəti edib şadlanacaq. Onlarsa öz cəzalarını çəkəcəklər, çünki Mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət etdilər. |
44. | Bütün bunlara baxmayaraq, düşmən ölkəsində yaşadıqları zaman onlara xor baxıb rədd etməyəcəyəm. Beləcə Mən onları məhv edib bağladığım əhdimi pozmayacağam, çünki onların Allahı Rəbb Mənəm. |
45. | Mən onların əcdadlarını başqa millətlərin qarşısında onların Allahı olmaq üçün Misir torpağından çıxaran vaxt bağladığım əhdimi xatırlayacağam; Rəbb Mənəm”». |
46. | Bunlar Rəbbin Özü ilə İsrail övladları arasında Sina dağında Musa vasitəsilə verdiyi qaydalar, hökmlər və qanunlardır. |
← Leviticus (26/27) → |