| ← Leviticus (25/27) → |
| 1. | Rəbb Sina dağında Musaya belə söylədi: |
| 2. | «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa daxil olanda bütün ölkədə Şənbə günü kimi Rəbb üçün dinclik vaxtları olsun. |
| 3. | Altı il tarlanı ək, üzümlüyün budaqlarını kəs və məhsulunu yığ. |
| 4. | Yeddinci ildə isə torpaq Şənbə günü kimi dincə qoyulsun. Bu, Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda, |
| 5. | biçinindən düşən toxumdan bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu, torpaq üçün dinclik ili olsun. |
| 6. | Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq; qulunuz, qarabaşınız, muzdlu işçiniz, aranızda yaşayan gəlmənin, |
| 7. | ev heyvanının və ölkədəki vəhşi heyvanın qidası olacaq. |
| 8. | Özün üçün yeddi dinclik ili – yeddi dəfə yeddi il say. Yeddi dinclik ilinin müddəti qırx doqquz ildir. |
| 9. | Sonra yeddinci ayın onu – Kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla |
| 10. | əllinci ili təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz mülkünə, öz ailəsinə qayıtsın. |
| 11. | Qoy əllinci il sizin üçün Azadlıq ili olsun. O il heç nə əkməyin, düşən toxumdan bitən məhsulu biçməyin, budanmamış meynələrinizdən yığmayın, |
| 12. | çünki bu Azadlıq ili sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin. |
| 13. | Bu Azadlıq ilində hər kəs öz mülkünə qayıtsın. |
| 14. | Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin. |
| 15. | Alan şəxs Azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın. |
| 16. | İllərin sayı çoxdursa, qiyməti qaldır, azdırsa, onu endir, çünki o sənə satılan məhsulların miqdarıdır. |
| 17. | Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Rəbbiniz Allah Mənəm. |
| 18. | Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin ki, ölkədə arxayın yaşayasınız. |
| 19. | Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız. |
| 20. | ‹Məhsul əkib-biçmədiyimiz yeddinci ildə nə yeyək?› soruşanda bilin: |
| 21. | altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq üçillik məhsul verəcək. |
| 22. | Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul yetişənə qədər köhnəni yeyin. |
| 23. | Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz. |
| 24. | Bütün mülkünüzdən sahə satanda onu geri satınalma hüququnu saxlayın. |
| 25. | Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni geri satın ala bilər. |
| 26. | Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü çatan geri satınalma məbləği tapsa, |
| 27. | qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama verib yenə öz mülkünə malik olsun. |
| 28. | Əgər gücü çatıb bu məbləği tapmasa, sahəsi Azadlıq ilinə qədər onu geri satın alan adama məxsus qalsın. Azadlıq ilində isə qaytarılsın ki, satan adam yenə öz mülkünə malik olsun. |
| 29. | Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satınalma hüququ satdığı gündən bir il müddətinə qüvvədədir; satan adam evi geri satın ala bilər. |
| 30. | Amma əgər bütöv il tamamlananacan o adam evi geri satın ala bilməsə, qalalı şəhərdəki ev onu alana məxsus həmişəlik nəsildən-nəslə qalsın. Bu, Azadlıq ilində qaytarılmaz. |
| 31. | Ətraf qala divarı olmayan kəndlərdəki evlər isə torpaq sahələri kimi sayılsın; onları geri satınalma hüququ olsun və Azadlıq ilində qaytarılsın. |
| 32. | Lakin Levililər özlərinə aid şəhərlərdə mülklərini satdıqları evləri daima geri satınalma hüququna malik olsunlar. |
| 33. | Levililərdən birinin mülkü satdığı və geri satın almadığı şəhər evi Azadlıq ilində ona qaytarılsın. Çünki Levililərin şəhərlərindəki evlər onların İsrail övladları arasındakı irsdir. |
| 34. | Onların şəhərlərinin ətraf otlaqları isə heç satılmamalıdır, çünki bunlar Levililərin ayrılmaz mülküdür. |
| 35. | Yanındakı soydaşın yoxsullaşıb və özünü təmin edə bilmirsə, ona yardım et. Qoy o sənin yanında yadelli ya gəlmə kimi yaşasın. |
| 36. | Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin. |
| 37. | Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver. |
| 38. | Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. |
| 39. | Yanındakı soydaşın yoxsullaşıb sənə özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə. |
| 40. | Qoy o, yanında muzdlu işçi yaxud gəlmə kimi olsun. O, Azadlıq ilinədək yanında işləsin, |
| 41. | sonra uşaqları ilə birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın. |
| 42. | Çünki İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi satılmasınlar. |
| 43. | O soydaşına sərt ağalıq etmə. Allahından qorx. |
| 44. | Qullarınız və kənizləriniz ətrafınızdakı millətlərdən olsun. Siz onlardan nökər və qarabaş geri satın ala bilərsiniz. |
| 45. | Aranızda yaşayan gəlmələrdən və onların ölkənizdə doğulmuş ailə üzvlərindən də geri satın ala bilərsiniz. Bunlar sizin mülkiyyətiniz olacaq. |
| 46. | Siz özünüzdən sonra bunları oğullarınıza əmlak kimi vəsiyyət edə bilərsiniz və onlar oğullarınızın mirası olub həyatı boyunca iş görəcəklər. Ancaq İsrailli soydaşlarınız arasında heç kim soydaşına sərt ağalıq etməsin. |
| 47. | Yanındakı soydaşın yoxsullaşıbsa, qonşuluqda yaşayan pulu olan bir yadelli ya da gəlməyə yaxud onun ailə üzvünə özünü qul olaraq satarsa, |
| 48. | satıldıqdan sonra onun geri satınalma hüququ var. Qardaşlarından biri onu geri satın ala bilər; |
| 49. | əmisi ya da əmisi oğlu da onu geri satın ala bilər. Ailəsindən hər bir yaxın qohumu da onu geri satın ala bilər. Öz gücü çatanda o adam özünü geri satın ala bilər. |
| 50. | Qoy bu adam ağası ilə özünü satdığı ildən Azadlıq ilinə qədər muzdlu işçinin iş müddəti kimi hesablaşsın və illərin sayına görə qiyməti qoyulsun. |
| 51. | Əgər illərin sayı hələ də çoxdursa, o buna görə geri satınalınmanın qiyməti olaraq satın alındığı məbləğin böyük bir hissəsini ödəsin. |
| 52. | Lakin əgər Azadlıq ilinə az qalırsa, o müddətə görə hesab edərək geri satınalınmanın qiyməti olaraq az ödəsin. |
| 53. | Yəni ilbəil muzdlu işçi kimi ağası ilə hesablaşsın. Qoy ağası da sənin gözün qarşısında ona sərt ağalıq etməsin. |
| 54. | Əgər o adam bu yolla geri satın alınmamışdırsa, Azadlıq ilində uşaqları ilə birgə azad olsun. |
| 55. | Çünki İsrail övladları Mənim qullarım, Mənim Misir torpağından çıxardığım qullarımdır. Allahınız Rəbb Mənəm. |
| ← Leviticus (25/27) → |