| ← Leviticus (24/27) → |
| 1. | Rəbb Musaya dedi: |
| 2. | «İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima |
| 3. | Hüzur çadırında, şəhadət pərdəsinin bayır tərəfində yansın. Harun onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. |
| 4. | Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş çıraqdandakı çıraqlara daim nəzarət edilsin. |
| 5. | Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir. |
| 6. | Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy. |
| 7. | Çörək sıralarının üstünə xalis kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi olsun. |
| 8. | Qoy bu çörəklər hər Şənbə günü daim Rəbbin hüzurunda düzülsün. Bu, İsrail övladları üçün əbədi əhddir. |
| 9. | Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları üçün əbədi paydır». |
| 10. | Bir gün anası İsrailli, atası Misirli olan bir adam İsrail övladlarının arasına çıxdı. O, düşərgədə bir İsrailli ilə savaşıb |
| 11. | Allahın adına küfr və lənət etdi. O adamı Musanın yanına gətirdilər. Onun anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi. |
| 12. | O adamı həbs edib Rəbbin qərarını gözlədilər. |
| 13. | Rəbb Musaya belə dedi: |
| 14. | «Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin. |
| 15. | İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək; |
| 16. | Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir. |
| 17. | Başqa bir adamın canını alan hər kəs öldürülməlidir. |
| 18. | Heyvanı öldürən isə can əvəzinə can olaraq zərəri ödəsin. |
| 19. | Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin: |
| 20. | sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun. |
| 21. | Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün. |
| 22. | Sizdə istər qərib, istər yerli üçün ədalət bir olsun; çünki Allahınız Rəbb Mənəm”». |
| 23. | Musa İsrail övladlarına bunu dedi. Lənət edəni düşərgədən kənara çıxarıb daşqalaq etdilər. Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladları buna əməl etdilər. |
| ← Leviticus (24/27) → |