| ← Leviticus (23/27) → |
| 1. | Rəbb Musaya dedi: |
| 2. | «İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın: |
| 3. | Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin. |
| 4. | Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin. |
| 5. | Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır. |
| 6. | Həmin ayın on beşi Rəbbin Mayasız Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin. |
| 7. | Birinci gün müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin. |
| 8. | Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”». |
| 9. | Rəbb Musaya belə dedi: |
| 10. | «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin. |
| 11. | O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin. |
| 12. | Dərzi yellətdiyiniz gün Rəbbə birillik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin. |
| 13. | Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin. Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın dörddə birini gətirin. |
| 14. | Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. |
| 15. | Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə, |
| 16. | yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. |
| 17. | Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin. |
| 18. | Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. |
| 19. | Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı üçün isə iki birillik toğlu gətirin. |
| 20. | Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun. |
| 21. | Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. |
| 22. | Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”». |
| 23. | Rəbb Musaya dedi: |
| 24. | «İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun. |
| 25. | O gün heç bir gündəlik iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”». |
| 26. | Rəbb Musaya dedi: |
| 27. | «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin. |
| 28. | Həmin gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə günüdür. |
| 29. | Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun. |
| 30. | O gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm. |
| 31. | Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. |
| 32. | O gün sizin üçün Şənbə istirahət günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın doqquzuncu günü axşamdan ertəsi günün axşamına qədər Şənbə günü kimi istirahət edin”». |
| 33. | Rəbb Musaya dedi: |
| 34. | «İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin. |
| 35. | Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin. |
| 36. | Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür, gündəlik işlərinizi görməyin. |
| 37. | Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin. |
| 38. | Bunlar Rəbbin Şənbələrinə və Rəbbə verdiyiniz bütün ianələrə, bütün əhdlərin ödəmələrinə, bütün könüllü təqdimlərə əlavədir. |
| 39. | Üstəlik yeddinci ayın on beşinci günü torpağın məhsullarını yığandan sonra yeddi gün Rəbb üçün bayram keçirin. Birinci gün və səkkizinci gün istirahət günləri olsun. |
| 40. | Birinci gün gözəl ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən qovaq ağaclarının budaqlarını toplayıb Allahınız Rəbbin hüzurunda yeddi gün şənlik edin. |
| 41. | Hər il Rəbb üçün bu bayramı yeddi gün keçirin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qaydadır; bu bayramı yeddinci ayda qeyd edin. |
| 42. | Yeddi gün çardaqlarda qalın; bütün yerli İsraillilər çardaqlarda yaşasın. |
| 43. | Beləliklə, sizin nəsilləriniz bilsin ki, Mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra onları çardaqlarda yerləşdirdim. Allahınız Rəbb Mənəm”». |
| 44. | Beləcə Musa İsrail övladlarına Rəbbin təyin etdiyi bayramlar barəsində nəql etdi. |
| ← Leviticus (23/27) → |