← Leviticus (21/27) → |
1. | Rəbb Musaya dedi: «Harun nəslindən olan kahinlərə bəyan edib belə de: “Qoy kahinlər öz xalqı arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin; |
2. | ancaq kahinin yaxın qohumu – anası, atası, oğlu, qızı, qardaşı |
3. | yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə özünü murdar etməsin. |
4. | Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin. |
5. | Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar, |
6. | özlərinin Allahı üçün müqəddəs olsunlar və Onun adını ləkələməsinlər, çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə də müqəddəs olsunlar. |
7. | Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad almasın, çünki kahin Allahı üçün müqəddəsdir. |
8. | Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm. |
9. | Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın. |
10. | Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın. |
11. | Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin. |
12. | O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm. |
13. | Bu kahin bakirə qız alsın; |
14. | dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki, |
15. | onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”». |
16. | Rəbb Musaya dedi: |
17. | «Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam Allahına pay təqdim etmək üçün yaxınlaşmasın. |
18. | Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın: nə kor, nə axsaq, nə eybəcər, nə əlil, |
19. | nə əl-ayağından şikəst, |
20. | nə qozbel, nə cırtdanboy, nə gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam, |
21. | yəni kahin Harunun nəslindən bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın. |
22. | Belə adam Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər. |
23. | Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”». |
24. | Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi. |
← Leviticus (21/27) → |