← Leviticus (20/27) → |
1. | Rəbb Musaya dedi: |
2. | «İsrail övladlarına de: “İsraillilərdən və İsraildə yaşayan yadellilərdən övladını Molekə təqdim edən hər kəs öldürülməlidir. Qoy ölkə xalqı onu daşqalaq etsin. |
3. | Öz övladını Molekə təqdim etdiyi üçün Mən o adamdan üz döndərib xalqı arasından qovacağam; çünki o, Müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir. |
4. | Əgər ölkə xalqı o adamın övladını Molekə təqdim etdiyini görüb göz yumaraq onu öldürməsə, |
5. | Mən Özüm həmin adamdan və ailəsindən üz döndərib onu və onunla birgə Moleklə Mənə xəyanət edən hər kəsi xalqın arasından qovacağam. |
6. | Mənə xəyanət edərək cindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın arasından qovacağam. |
7. | Buna görə də özünüzü təqdis edin və müqəddəs olun, çünki Allahınız Rəbb Mənəm. |
8. | Qaydalarıma səylə əməl edin, çünki sizi təqdis edən Rəbb Mənəm. |
9. | Atasına yaxud anasına lənət edən hər kəs öldürülməlidir. O adam öz atasına yaxud anasına lənət etdiyi üçün qanının tökülməyinə özü baisdir. |
10. | Başqa kişinin arvadı ilə zina edənlərə aid: qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla birlikdə öldürülməlidir. |
11. | Atasının arvadı ilə yaxınlıq edən kişi atasının namusunu tapdalamış olur. Bunu edənlərin hər ikisi öldürülməlidir. Onlar qanlarının tökülməyinə özləri baisdir. |
12. | Gəlini ilə yaxınlıq edən kişi gəlini ilə birgə – hər ikisi öldürülməlidir, çünki bu rəzillikdir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. |
13. | Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baisdir. |
14. | Qadınla bərabər anasını arvad alan kişi əxlaqsızlıq edər; aranızda belə əxlaqsızlıq olmamaq üçün o kişi də, o qadınlar da yandırılsın. |
15. | Heyvanla cinsi əlaqəyə girən kişi öldürülməlidir; heyvan isə kəsilməlidir. |
16. | Hər hansı bir heyvanla cinsi əlaqəyə girən qadın heyvanla birgə öldürülməlidir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. |
17. | Əgər bir kişi atabir yaxud anabir bacısını alıb onunla cinsi əlaqədə olsa, qadın da onunla cinsi əlaqədə olsa, bu, rüsvayçılıqdır. Onlar xalqı arasından qovulsun. Bacısı ilə cinsi əlaqədə olan kişi cəzasını çəkər. |
18. | Əgər bir kişi aybaşı olan qadınla yaxınlıq edib onunla cinsi əlaqədə olarsa, qadının qanaxma mənbəyinin üstünü açar, qadın da öz qanaxma mənbəyinin üstünü açar. Hər ikisi xalqı arasından qovulsun. |
19. | Xalanla yaxud bibinlə yaxınlıq etmə, çünki yaxın qohumları ilə yaxınlıq edənlər cəzasını çəkərlər. |
20. | Əmisi arvadı ilə yaxınlıq edən kişi öz əmisinin namusunu tapdalamış olur; ikisi də günahının cəzasını çəkərək övladları olmadan öləcəklər. |
21. | Qardaşı arvadını alan kişi qardaşının namusunu tapdalayaraq murdar iş görür; onlar sonsuz qalacaqlar. |
22. | Siz Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin ki, yaşamaq üçün aparacağım torpaq sizi rədd etməsin. |
23. | Qarşınızdan qovacağım millətlərin adətlərinə uymayın; onlar bütün bu şeyləri etdiklərinə görə Mənim gözümdə iyrəncdirlər. |
24. | Mən sizə dedim ki, onların torpağına siz sahib olacaqsınız; Mən o süd və bal axan torpağı sizə irs olaraq verəcəyəm. Sizi digər xalqlardan ayıran Allahınız Rəbb Mənəm. |
25. | Beləliklə, siz pak və murdar heyvan və quşları bir-birindən ayırd edin. Sizin üçün ayırd etdiyim murdar sayılan heyvanlar yaxud quşlar ya da yerdə sürünən məxluqlarla özünüzü iyrənc etməyin. |
26. | Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız. |
27. | Cindar yaxud ruh çağıran kişilər və ya qadınlar öldürülməlidir, onlar daşqalaq olmalıdır. Bunlar qanlarının tökülməyinə özləri baisdir”». |
← Leviticus (20/27) → |