← Leviticus (19/27) → |
1. | Rəbb Musaya dedi: |
2. | «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm. |
3. | Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm. |
4. | Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm. |
5. | Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin. |
6. | Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın. |
7. | Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar. |
8. | O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun. |
9. | Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. |
10. | Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm. |
11. | Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın. |
12. | Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm. |
13. | Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama. |
14. | Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm. |
15. | Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. |
16. | Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm. |
17. | Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən. |
18. | Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm. |
19. | Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin. |
20. | Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil, |
21. | o kişi isə Rəbbin önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin. |
22. | Kahin o kişi üçün işlətdiyi günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın. |
23. | Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün üç il haramdır, onu yeməyin. |
24. | Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın. |
25. | Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm. |
26. | Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin. |
27. | Gicgahlarınızı qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin. |
28. | Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm. |
29. | Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın. |
30. | Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm. |
31. | Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm. |
32. | Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm. |
33. | Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin. |
34. | Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb Mənəm. |
35. | Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin. |
36. | Qoy tərəziniz, çəki daşınız, taxıl və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. |
37. | Bütün Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin. Rəbb Mənəm”». |
← Leviticus (19/27) → |