← Leviticus (18/27) → |
1. | Rəbb Musaya dedi: |
2. | «İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm. |
3. | Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın; |
4. | Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm. |
5. | Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm. |
6. | Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm. |
7. | Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma. |
8. | Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur. |
9. | Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma. |
10. | Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur. |
11. | Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır. |
12. | Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur. |
13. | Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur. |
14. | Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır. |
15. | Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma. |
16. | Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur. |
17. | Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır. |
18. | Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma. |
19. | Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə. |
20. | Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama. |
21. | Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm. |
22. | Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir. |
23. | Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir. |
24. | Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb, |
25. | torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm. |
26. | İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin. |
27. | Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar. |
28. | Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq. |
29. | Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun. |
30. | Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”». |
← Leviticus (18/27) → |